Ehtiram Aşırlı Ehtiram Aşırlı

Azərbaycanın artan hərbi gücündən xoflanan işğalçı ölkə Moskvadan silah dilənir...

22 August 2018

Ermənistan Müdafiə naziri David Tonoyanın Moskva səfərini bi neçə əsas nöqteyi-nəzərdən yanaşmaq olar. Ermənistanın Rusiyadan 100 milyon dollar məbləğində kredit razılaşması və bu razılaşmaya əsasən də Rusiyadan yeni silahların alınması məsələsi. Bu məlumatı Rusiya mətbuatı təkzib elədi. Daha sonra Rusiya müdafiə nazirinin müavini Ermənistan ilə hər şeyin normal qaydada olduğunu söylədi. Səfər çərçivəsində müzakirə olunan ikinci bir məsələ isə Ermənistanda hərbi-sanəyə məsələsidir. Bu səfər çərçivəsində işğalçı ölkə üçün mühüm məsələ hərbi-sənaye sahəsində əməkdaşlıqdır, bu da Ermənistan üçün hərbi-siyasi əhəmiyyətə malik olduğunu göstərir. Böyük ehtimal, Davit Tonoyanın Moskvaya səfəri zamanı hərbi-sənayə sahəsinə aid əməkdaşlığın inkişaf etdirilməsi dair müzakirələr aparılıb. Hətta 2017-ci ildə Serj Sarkisyan Rusiyaya səfəri zamanı Gümrüdəki Rusiya hərbi bazasında həbi-sanəyə kompleksinin yaradılması barədə təklif irəli sürmüşdü. Lakin, Rusiya bu təklifə hələ də indiyə qədər konkret cavab verməyib. 

Görünür ki,  bu məsələ yenidən müzakirə olunub və bəlkə də Kalaşnikovun istehsal olunmasına dair imzalanan sazişə bir hissəsi kimi əlavə olunub. Yaxın zamanlarda bu barədə Rusiya və erməni KİV-də xəbərlər yayılmağa başlayar.

Rusiyada keçirilən “ARMI -2018” beynəlxalq hərbi-texniki sərgi çərçivəsində Ermənistanın müdafiə naziri David Tonoyanla birgə Moskvada olan “Royalsys Engineering ltd” şirkətinin rəhbəri David Qalstyanla Rusiyanın məşhur “Kalaşnikov” korporasiyasının direktor müavini Andrey Barışnikov arasında müqavilə imzalanıb.

Sazişə əsasən, Rusiyanın “Kalaşnikov” avtomatlarının ən yeni növləri – “AK-12” və “AK-15” beşinci nəsil müasir atıcı silahlarının istehsalı üçün Ermənistanda hərbi-sənaye müəssisələri yaradılacaq. 

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat yayıb. O bildirib ki, bu müqavilə Ermənistan Silahlı Qüvvələrinin effektiv silahlanmasına, həmçinin ölkədə yeni iş yerlərinin açılmasına imkan verəcək. 

Qeyd edək ki, müqavilənin dəyəri və lisenziya üzrə istehsal olunacaq “Kalaşnikov” silahlarının həcmi barədə məlumat verilmir. 

Həmçinin, Müdafiə Nazirliyinin məlumatına görə, səfər zamanı Ermənistan Müdafiə naziri Rusiyanın ən böyük "Almas-Ante" hərbi sənaye şirkətinin direktor müavini Vyaçeslav Сirkal ilə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlıqla bağlı geniş məsələlər müzakirə edilib. Davit Tonoyan qeyd edib ki, erməni tərəfi şirkətlə əməkdaşlıq sahəsində yaxşı təcrübəyə malikdir və indi onları müəyyən məhsullar maraqlandırır.

Ermənistan tərəfinin atdıqları bu son addımlar onu göstərir ki, heç də regionda silahlanma yarışına girən və regionun təhlükəsizliyini təhdid edən addımlar atan tərəf Azərbaycan deyil. Belə ki, hər zaman Ermənistan baş nazir və müdafiə naziri açıqlamalarında Azərbaycan tərəfinin regionda silahlanma yarışına girdiyini və regionun təhlükəsizliyinin təmin edilməsinin təhdit etdiyini bildirir. Son olaraq Avqustun 21-də Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan ilə İsrail Xarici İşlər Nazirliyinin Baş direktorunun müavini, Avrasiya İşlər İdarəsinin rəhbəri Aleksandr Ben Zvin arasında baş tutan görüş zamanı Mnatsakanyan “tərəfdaşlarımızın regionda silahlanma yarışına gətirib çıxaran və qeyri-sabitliyin təhlükələrinə səbəb olan bütün hərəkətlərdən çəkinməlidirlər”deyə açıqlama verdi. 

Bir tərəfdən Azərbaycanı silahlanma yarışına gətirib çıxaran hərəkətlərdən çəkinməli olduğunu deyən işğalçı ölkə olan erməni tərəfi yeni silahlar almaq üçün Rusiya ilə müqavilə imzalayır, həmçinin kredit götürür. Bu zamana belə bir sual ortaya çıxır, bəs Ermənistan Silahlı Qüvvələri bu silahları almaq da məqsədləri nədir? Onda onlar bu silahları almaqla özləri demiş, silahlahma yarışına girmiş və regionun təhlükəsizliyini təhdid etmiş olmurlar? Utanmasalar deyəcəklər ki, düşməndən qorunmaq üçün alırıq. 

Yoxsa bu dəfə də bu silahlardan 2008-ci il 1 mart hadisələrindəki kimi konstitusiya dəyişikliklərinin reallaşması üçün istifadə edəcəklər...                                                                        

Yorumlar